Torpağın su rejimi
Torpağın su rejimi— torpaq suyunun hərəkətini, bitki tərəfindən suyun sərf edilməsi və istifadəsini təyin edən hadisə və proseslər məcmusu olaraq, torpaq münbitliyinin amillərindən biri.
Torpağın su rejimi torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, sututumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq hazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkinin xüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində ona daxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfer suyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma suyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən və torpaqdan buxarlanan sular) ibarətdir.
Torpağın su rejimindən asılı olaraq torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji proseslər, bitkinin su ilə təmin olunması dəyişir. Torpağın su rejimini təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və səmərəli istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması, torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). Bütün bunlarla yanaşı, torpağın su rejimi hava və istilik rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıx əlaqədardır.